Əkbər Əlizadə
Əlizadə Əkbər Müzəffər oğlu (23 may 1977, Bakı) — Azərbaycan aktyoru, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti.
== Həyatı ==
Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino fakültəsini aktyor ixtisası üzrə, 2000-ci lidə həmin universitetin magistratura şöbəsini teatrşünaslıq ixtisası üzrə bitirmişdir. 2000–2001-ci illərdə hərbi xidmət keçmişdir.
1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İlk dəfə 1987-ci ildə 10 yaşında Azərbaycan televiziyasının "Qırmızı qərənfil" mahnı və rəqs ansamblında çıxış etmişdir. 7 il həmin ansamblda müğənni kimi fəaliyyət göstərmişdir. Sonralar həmin televiziyanın keçirdiyi "Sübh şəfəqləri" musiqi müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Teatrda işlədiyi müddət ərzində R. Mustafayev və C. Məmmədovun "Məsmə xala dayımdır" əsərində Elgün, İ. Kalmanın "Tsıqan premyer" əsərində Muştard, F. Leqarın "Vesyolaya vdova" əsərində Sen De ş, Q. Qarayevin "Neistovıy Qaskonets"ində Qasqoniyalı, Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda İntiliget Həsən, "Ər və arvad"ında Səfi, "Arşın mal alan"ında Süleyman, R. N. Güntəkinin "Bir günlük siğə"sində Xəlil, T. Vəliyevanın "Bankir adaxlı"sında Balakişi, "Mən dəyərəm min cavana"sında Rza, Anarın "Aldın payını, çağır dayını"sında Tərgəldi, A. Babayevin "Əlin cibində olsun"unda Xankişi, R. Əkbərin "Bəydullanın möhtəşəm toyu"nda tamada, Ə. Əmirlinin "İtkin ər"ində Zəkə, M. Haqverdiyevin "Qısqanc ürəklər"ində Əjdər, "Amerikali kürəkən"ində Cəlil, M. F. Axundzadənin "Kimyagər"ində Molla Həmid, R. Heydərin "Qızıl toy"unda Qədir obrazlarını yaratmışdır. 1997-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında S. Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynamışdır.